Azərbaycan Texnologiya Universitetində (UTECA) Müəllimlər Günü qeyd edilib.
Dərc edən: Admin
Tarix: 2018-10-05
Tədbir zamanı universitetin rektoru, professor Akif Süleymanov əlamətdar gün münasibətilə pedaqoji heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirib ki, "Müəllimlər Günü" YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Məhz həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Ölkəmizdə isə "Müəllimlər Günü" 1993-cü ildən qeyd olunmağa başlanıb.
Rektor vurğulayıb ki, Ulu Öndər vaxtilə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Bu gün isə elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Prezident İlham Əliyev yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin ediməsinə xüsusi diqqət göstərir.
Qeyd olunub ki, Ölkə Başçısının təhsil sahəsində tapşırıq və sərəncamları UTECA-nın inkişafına da öz töhfəsini verib. Universitetin tədris korpuslarında təmir, yenidənqurma işləri aparılıb, maddi texniki baza zənginləşdirilib, müasir standartlara cavab verən mərkəz və laboratoriyalar yaradılıb. Gənclərin sağlamlılığının qorunması və asudə vaxtlarının səmərəli keçməsi üçün geniş və tam təchizatlı UTECA idman zalı tələbələrin ixtiyarındadır.
Çıxış edənlər bildiriblər ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Sonra universitetin bir qrup professor-müəllim heyətinə mükafatlar təqdim olunub.
Tədbir tələbələrin ifasında konsert proqramı ilə davam edib.