Tədris və sənaye üzrə müşavir

Haqqında

  • Vəzifə:

    Tədris və sənaye üzrə müşavir

  • Əlaqə:

    Phone:
    Email:

Eyvazov Aqil Aftandil oğlu

İş təcrübəsi

Elm, Təhsil və Təlim sahəsində:

İqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Eyvazov əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Universitetində baş laborant kimi başlamışdır. 2002-2016-cı illərdə həmin universitetdə müəllim, baş müəllim, eyni zamanda, 2006-2009-cu illərdə Bakı Dövlət Universitetində, 2012-ci ildə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində təlimçi, 2016-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində, 2019-cu ildən isə UNEC-də, həmçinin AMEA İqtisadiyyat İnstitutunun magistraturasında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildən 2022-ci ilin fevral ayınadək AMEA İqtisadiyyat İnstitutu “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

Əsas tədris etdiyi fənlər Mühasibat uçotu və audit, Audit, Büdcə Təşkilatlarında Milli Mühasibat Uçotu Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Beynəlxalq iqtisadi münasibətlər, Dünya iqtisadiyyatı, Dünya iqtisadiyyatında informasiya sistemləri, Firmaların iqtisadiyyatı, İnstitutsional iqtisadiyyat, Qloballaşma və sosial siyasət, ingilis dilində “Financial accounting”, “Intermediate Accounting”, “Financial  and tax accounting” fənləri olmuşdur. 
2011-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi, Minilliyin Layihəsi və digər qurumların birgə təşkil etdiyi “Azərbaycanın Gələcək Durumu İndeksi” hesabatının hazırlanmasında, bir sıra yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.

2020-ci ildən  Azərbaycan Turizm və Menecment Universitetində maliyyə ixtisasının bakalavariat səviyyəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir. Eyni zamanda, 2020-ci ildən UNEC-də “Dünya iqtisadiyyatı” ixtisası üzrə daimi seminarın, 2021-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tərkibində “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorant və dissertantlar üçün tədris proqramlarının hazırlanılması işçi qrupunun üzvüdür. İqtisad üzrə fəlsəfə doktoru (2010), dosentdir (2018). 

Müxtəlif yerli və xarici elmi jurnallarda və dövlət nəşrlərində iqtisadi, ictimai- siyasi mövzularda 40-dək məqaləsi var, 4 kitab, eyni zamanda, “Azərbaycan multikulturalizmi” dərsliyinin  həmmüəllifidir. 2017-ci ildən AMEA İqtisadiyyat İnstitutunda elmlər doktoru proqramı üzrə doktorantdır. Eyni zamanda, AMEA İqtisadiyyat İnstitutunda 2 nəfər doktoranta, həmçinin UNEC-də ingilis dilində təhsil alan magistrlərə elmi rəhbərlik etməklə davamlı olaraq elmi kadr yetişdirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.

İdarəetmə sahəsində:

2002-ci ildən başlayaraq müxtəlif yerli və xarici qurumlarda baş mühasib, maliyyə direktoru, təlim mərkəzi və konsaltinq şirkətinə rəhbərlik etmişdir. 2011-ci ildə Humanitar Foruma hazırlıq üzrə AMEA İqtisadiyyat İnstitutunda təşkil olunmuş qrupun rəhbəri olmuşdur. 2012-2014-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində “Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması”, daha sonra “İctimai-siyasi və humanitar məsələlər şöbəsi”nin müdiri vəzifəsində işləmiş, sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ictimai, siyasi, dini sahə və qurumları (100-dən çox təşkilat) kurasiya etmiş, əhəmiyyətli idarəetmə təcrübəsi qazanmışdır.  2016-cı ilin iyul ayından 2022-ci il fevral ayınadək AMEA İqtisadiyyat İnstitutu YAP Ərazi ilk partiya təşkilatının sədri olmuşdur.

İqtisadçı, ekspert və maliyyə sahəsində:

2002-ci ildən başlayaraq müxtəlif layihələrdə, o cümlədən, 2015-ci ildə “Ingerop Consulting and Engineering” (İspaniya-Fransa) Bakı ofisinin “ADY üçün qatarların alınmasının texniki - iqtisadi əsaslandırılması” layihəsində, 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin hazırlanması layihəsində iqtisadçı-ekspert kimi iştirak edib. 2016-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının, 2019-cu ildən Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupun üzvüdür.

Təhsil:

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə Azərbaycan Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda “Dünya iqtisadiyyatı” ixtisası üzrə aspiranturada təhsil alıb. 
 
Azərbaycan, türk, ingilis və rus dillərini bilir.
Ailəlidir, 3 övladı vardır.