Rektor

Süleymanov Akif Şamil oğlu

Rektor

(022) 257 29 61

akif.suleymanov@uteca.edu.az

1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub.

1969-cu ildə II Şıxlı kəndorta məktəbini bitirərək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinin elektron hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri ixtisasına qəbul olub. 1972-ci ildə Azərbaycandan kənarda kadr hazırlığı siyasətinə uyğun olaraq təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna oxumağa göndərilib. 1976-cı ildə Moskva Energetika İnstitutunu eyni ixtisas üzrə bitirdikdən sonra respublikamıza qayıdaraq təyinatla Bakı Radio Zavodunda mühəndis-nizamlayıcı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Zavodda işlədiyi müddətdə Azərbaycan Texniki Universitetində saat hesabı ilə dərs deyib.

1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin Hesablama texnikası kafedrasına assistent vəzifəsinə, 1990-cı ildə isə həmin kafedrada baş müəllim vəzifəsinə seçilib. 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında ”Diskret verilənlərin çoxdəfəli sıxma-açma sisteminin universal alqoritminin işlənməsi” mövzusunda 05.13.14 -İnformasiya emalı və idarə edilməsi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1999-cu ildə dosent elmi adına layiq görülüb. Universitetdə fakültə Elmi Şurasının elmi katibi, kafedra müdirinin müavini və elmi işlərüzrə dekan müavini vəzifələrində çalışdıqdan sonra, 2001-ci ildə İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsinə seçilib.

Tələbələrin elmi işlərinə, magistrat və aspirantların dissertasiyalarına rəhbərlik edib, kafedrada aparılan elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərib, elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 164  elmi-metodiki işin, o cümlədən 13 dərslik və 1 monoqrafiyanın müəllifidir. Məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilib.

Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil edib. 05.13.01- sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə Dissertasiya Şurasının üzvüdür. 7 dəfə elmlər namizədliyi dissertasiyalarına opponentlik edib.

Universitetdə işlədiyi müddət ərzində özünü informatika sahəsində peşəkar bir mütəxəssis və müəllim kimi tanıdıb, kollektivdə böyük nüfuz qazanıb, ictimai işlərdə fəallıq göstərib. Avtomatika və kompüter texnikası fakültəsinin və universitet Elmi Şuralarının üzvü olub.

2011-ci ildə “İnformasiya şəbəkələrində mətn sənədlərinin emalının intellektləşdirilməsinin modelləri və üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək AAK tərəfindən 05.13.01-sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi, 2017-ci ildə isə İnzibati idarəetmə kafedrası üzrə professor elmi adı alıb.

2012-ci ildə Azərbaycan Texniki Universiteti və Cənubi Koreya mütəxəssislərinin birgə yerinə yetirdiyi “Elektron universitet” layihəsinə uyğun olaraq Seul şəhərində, Bauman adına Moskva Dövlət Texniki və Kipr Respublikasının Doğu Akdeniz universitetlərində İT menecerliyi üzrə ixtisasartırma kursları keçərək müvafiq sertifikatlar alıb.

13 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Əməkdar müəllim fəxri adına layiq görülüb.

2017-ci ilin may ayında London Krallıq Direktorlar İnstitutunun baş rezidensiyası tərəfindən Beynəlxalq Sokrat Komitəsinin "Elmdə ad" fəxri ordeni ilə təltif olunub.

Azərbaycan təhsilində xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 saylı Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.