images

 

 

XX əsrin əvvəllərində Azərbaycanın ilk dəfə öz müstəqilliyini elan etməsi ilə Şərqin ilk Demokratik Respublikasının yaranması bizə böyük bir qürur yaşatmaqla bərabər həm də qarşıda hələ böyük çətinliklərin olduğu faktını da təkzib etmirdi. Belə bir şəraitdə məhz Osmanlı İmperiyası tərəfindən bütün türk dünyasına, eləcə də dünyaya örnək ola biləcək bir addım atıldı ki, bu da 1918-ci il, iyun ayının 4-də imzalanan “Sülh və dostluq” haqqında saziş idi. Həmin sazişə görə qardaş ölkə Azərbaycanla siyasi, iqtisadi, hüquqi əsaslar üzrə səmimi dostluq münasibətləri nümayiş etdirdiyini sübut etmiş oldu. Nəhayət, 2021-ci il iyun ayının 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olmuş Qarabağımızın baş tacı, mədəniyyət paytaxtımız Şuşaya etdiyi tarixi səfər və orada bəyannamə imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malik önəmli bir məsələ kimi bütün dünyada əks-səda doğurdu. Keçən əsrin əvvəllərindən bu yana baş verən tarixi hadisələrin təhlili göstərir ki,  Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsinin məntiqi davamı olmaqla Cənubi Qafqazda münasibətlərin yeni konfiqurasiyasının əsasını təşkil edir. Bəyannamə imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
 

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin bünövrəsini qoymuş oldu. Belə tarixi əhəmiyyəti olan bəyannamələrin imzalanması vaxtilə türk dünyasının əvəzsiz Liderlərinin söylədiyi məşhur ifadələrin nə qədər doğru olduğunu bir daha sübut edir. Dövlətimiz üçün önəmli bir tarixi günə - Milli Qurtuluş Gününə təsadüf edən Şuşa Bəyannaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunması ilə yanaşı, istər regional, istərsə də beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsinin və əməkdaşlıq münasibətlərinin yeni bir zirvəyə qədəm qoymasının göstəricisidir. Müttəfiqliyimizin geostrateji əhəmiyyətini artıran bu  Bəyannamə iki ölkə arasında mövcud olan münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. 
 

Şuşa Bəyannaməsinə görə iki qardaş ölkə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Eyni zamanda, öz milli maraq və mənafelərinin müdafiəsinə və təminatına əsaslanaraq müstəqil daxili və xarici siyasət həyata keçirirlər. Şuşa Bəyannaməsi Azərbaycan üçün həm diplomatik, həm siyasi, həm də iqtisadi uğurdur. Belə ki, Vətən müharibəsi ərəfəsində olduğu kimi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin aparılmasında da iki qardaş dövlət arasında sıx əməkdaşlıq həyata keçirilir. Bəyannamənin strateji əhəmiyyəti həm də orada  hərbi əməkdaşlıq – müdafiə və qarşlıqlı hərbi yardım məsələlərinin öz əksini tapmasıdır. Bundan sonra da bir-birilərinin təhlükəsizliyini təmin etmələri, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı iki qardaş ölkənin hərbi qüdrətinin artması deməkdir. Ölkədəki bütün partiyaların və siyasi qüvvələrin bu məsələdə siyasi həmrəylik nümunəsi göstərməsi də təqdirəlayiq bir haldır. 
 

Bu gün Azərbaycan və Türkiyə dövlətləri arasında olan siyasi, iqtisadi əlaqələr iki qardaş ölkənin böyük Liderlərinin bütün dünyaya nümayiş etdirdikləri  birlik, qardaşlıq, həmrəylik göstəricisidir. Unutmaq olmaz ki, Azərbaycan  və Türkiyə münasibətləri bütün türk dünyası üçün mühüm rol oynayır və  türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. İnanırıq ki, arzusunda olduğumuz Böyük Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amil bu iki dövlətin qarşılıqlı münasibətlərindən asılıdır. 

 

Zəminə NOVRUZOVA 

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının 

baş müəllimi