images

Azərbaycan Texnologiya Universitetində (UTECA) 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, universitet rəhbərliyi və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə 1993-cü ilin yayında baş verən və Azərbaycanın siyasi tarixinə parlaq dönüş nöqtəsi kimi daxil olan hadisələrə nəzər salınıb. 

Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub. Rektor qeyd edib ki, 1993-cü ilin yayında xalqın xahiş və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış siyasi böhranın həllinə, hərtərəfli inkişafın vüsət almasına imkan yarandı. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 

Daha sonra çıxış edənlər də vurğulayıb ki, məhz qeyd edilən tarixi reallığa əsasən 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 iyun Azərbaycanda Qurtuluş Günü kimi rəsmiləşdirilib. Çünki məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi, qurtuluşumuzun təməlini atdı. 

Əlamətdar günün tarixi şahidlərinin çıxışları dinlənildikdən sonra Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx izlənilib.