images

 

İyun ayının 21-də Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının Azərbaycan Texnologiya Universiteti üzrə 8 saylı ərazi partiya təşkilatında iclas keçirilib. İclasın gündəliyində duran əsas məsələ ərazi partiya təşkilatına yeni sədrin seçilməsi olub.
 

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış edərək, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığı tarixə və keçdiyi inkişaf yoluna nəzər yetirib: “Yarandığı gündən sözlə əməl birliyi, monolitliyi partiyanın davamlı uğurlarında, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsində əhəmiyyətli rol oynayıb. Partiya müxtəlif təbəqələrdən olan insanları öz sıralarında birləşdirərək onların arzu və istəklərini, təşəbbüslərini reallığa çevirir, cəmiyyətin avanqard qüvvəsi kimi rolunu artırır”.
 

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov rəhbərlik etdiyi universitetin yaranma tarixinin YAP qurucusu Heydər Əliyevlə bağlı olduğunu xatırladaraq qeyd edib ki, təhsil ocağının kollektivi partiyaya sadiqliyi özünə mənəvi borc bilir. Rektor çıxışında universitet partiya fəallarının daim öndə olduqlarını, Gəncənin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərini vurğulayıb. Akif Süleymanov Texnologiya Universitetinə qəbul olan tələbələrin könüllülük prinsipi əsasında partiya sıralarına qəbul olduqlarını diqqətə çatdırıb.
 

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov isə bildirib ki, təşkilatının fəaliyyətində xüsusilə fərqlənən ərazi partiya təşkilatları var. 8 saylı ərazi partiya təşkilatı bu baxımdan ən nümunəvi ərazi partiya təşkilatlarındandır.
 

Sonda təşkilatı məsələlərə baxılıb. Partiya fəallarının yekdil qərarı ilə Akif Süleymanov ərazi partiya təşkilatının sədri, Aqil Eyvazov isə sədr müavini seçilib.

İclasın sonunda partiya sıralarına yeni qəbul edilmiş şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.