Məmurların xalqa və dövlətə xəyanəti bağışlanmazdır

Məmurların xalqa və dövlətə xəyanəti bağışlanmazdır

Son illər ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə genişmiqyaslı islahatlar aparılır. Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam edir.

İslahatların prinsiplərindən biri, bəlkə də ən vacibi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam mühitdə təşkili oldu. Bu istiqamətdə - dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun təminilə bağlı bir sıra uğurlar əldə edilib. Bəzi ölkələrin Azərbaycan brendi olan ASAN Xidmət modelindən faydalanması buna sübutdur. Ancaq çox təəssüf hissilə qeyd edirəm ki, sadalanan uğurlarla yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ hallar hələ də qalmaqdadır. Bu səbəbdən də, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. Həm də ciddi mübarizə. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dəfələrlə açıq çağırış və xəbərdarlıq etdi. Ölkə rəhbəri qanunsuz əməllərə son qoyulmasını tələb etdi.  Çağırış və xəbərdarlıqlara əməl etməyən, ifşa olunmuş məmurların aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurətə çevrildi.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi buna sübutdur. Digər icra başçıları da  bundan nəticə çıxarmalı, cənab Prezidentin qeyd etdiyi kimi xalqın xidmətçiləri olmalıdırlar. Onlar insanları incitməməli, əksinə qayğıları ilə maraqlanmalı və problemlərini həll etməlidirlər. Kasıb insanların, əlillərin, ahılların yardımını mənimsəmək, büdcə vəsaitlərini oğurlamaq dövlətə xəyanətdir. Çünki bu əməllər dövlətimizin imicinə zərbədir. Eyni zamanda, bu əməllər həqiqətən də vicdansızlıqdır. İnsanların haqqını yeyənlər gec-tez layiq olduqları cəzaları almalıdır. 

Dövlətimizin başçısı Baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılması ilə bağlı qətiyyətli mövqeyini bir daha diqqətə çatdırdı. Cənab Prezident bildirdi ki, tətbiq edilən məsuliyyət tədbirləri təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək. May ayının 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Onsuz da işğalçı  Ermənistan  tərəfindən yüzlərlə tarixi-mədəni abidələrimiz məhv edilib. Belə bir şəraitdə mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır.

 

Zirəddin Cavadov

"Texnoloq" qəzetinin redaktoru

 

75 dəfə oxunub