İmtahanlar onlayn keçiriləcək

İmtahanlar onlayn keçiriləcək

Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 7 saylı onlayn iclası keçirilib. Bu dəfəki iclasda yay sessiyasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Universitet Elmi Şurası tərəfindən verilən yekun qərarda qeyd edilir ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş, eləcə də buraxılış işini yerinə yetirəcək tələbələr (belə tələbələrin müraciətləri əsasında) təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar. ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil ediləcək.

Attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün 20.08.2020-ci il tarixindən başlayaraq ödənişsiz, iki həftəlik sürətləndirilmiş kurs vasitəsilə növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunacaq. Əvvəlki semestrlərdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) akademik borcu yaranmış tələbələrə imtahanda iştirak etmək hüququ veriləcək. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirmənin (aparıldığı halda) nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid ediləcək. Təkrar imtahan üçün ödəniş tələb olunmur.

Magistratura səviyyəsində magistr dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn aparılacaq. Magistr dissertasiyası müdafiəsi ilə yekunlaşmayan ixtisaslar (MBA) üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ÜOMG-yə uyğun olaraq yekun dövlət attestasiyadan keçmiş hesab olunacaqlar. ÜOMG-yə uyğun çıxarılmış yekun dövlət attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil ediləcək.

Bakalavr və magistrların imtahan sessiyaları onlayn təşkil edilməklə tələbələrin cari və aralıq qiymətləndirilməsinin ümumi nəticələri 100 ballıq sistemlə aparılacaq.

Tələbələrin istəyi və müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-ə qədər qəbul olunur) cari ilin avqust ayı ərzində icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil olunacaq.

Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək. 

 

 

 

 

213 dəfə oxunub