Onlayn beynəlxalq konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində"Postpandemiya dövründə ali təhsil: Rəqəmsal və ya Ənənəvi?" beynəlxalq elmi-praktik videokonfrans keçirilib. 

 

Tədbirdə AMEA “Yüksək Texnologiyalar Parkı”nın, Sakarya Universitetin, Rusiya Federasiyasının Elm və Texnika Mərkəzinin, Kabardino-Balkar Dövlət Aqrar Universitetinin, eləcə də Azərbaycan İqtisadçılar İttifaqının, Vergilər Nazirliyinin Tədris Mərkəzinin, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Sumqayıt Dövlət Universitetinin və tədbirə ev sahibliyi edən Azərbaycan Texnologiya Universitetinin nümayəndələri və professorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov pandemiyanın təhsilə təsirindən, postpandemiya zamanı universitetin atdığı addımlardan, artıq bir neçə gündür start götürən onlayn imtahanların gedişatından danışıb.

Daha sonra AMEA “Yüksək Texnologiyalar Parkı”nın direktoru, akademik Əli Abbasov çıxış edib. Akademik rəqəmsal texnologiyanın bu gün təhsildə rolundan və üstünlüklərindən danışıb.

Tədbirin məruzəcisi, iqtisad elmləri doktoru, Azərbaycan,Türkiyə, Rusiya, Belarus universitetlərinin professoru Zahid Məmmədov "Postpandemiya dövründə ali təhsil: Rəqəmsal və ya Ənənəvi?" başlıqlı mövzu ilə çıxış edib.

Çıxış edənlər arasında BDU-nun Kriminalistika Məhkəmə Ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, prof. Kamil Səlimov, Kabardino-Balkar Dövlət Aqrar Universitetinin dosenti Tanzilə Sozayeva, Gömrük akademiyasının prorektoru, elmlər doktoru, prof. Cəmilə Namazova, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşad Səmədzadə və digər professorlar da olub. Konfrans iştirakçıları distant təhsilin üstünlükləri, yeni tədqiqatlara üçün yeni imkanlar, ali təhsildə yenilik zərurəti kimi mövzuları müzakirə ediblər, öz təcrübələrini bölüşərək müxtəlif təkliflər səslədiriblər.

 

118 dəfə oxunub