Qurtuluşun tarixi

Qurtuluşun tarixi

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə milli barış və inkişaf dövrünün əsası qoyuldu

Tariximizə milli qurtuluş kimi daxil olan15 iyun 1993 cü il onu qiymətləndirənlər dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin ağır günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün  15 iyun əsl qurtuluş və Azərbaycanda ölüm dirim mübarizəsinin tarixidir. Bu tarixi quran isə yenədə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, xalqına arxalanan və xalqına arxa olan insandır. Bu fenomenal şəxsiyyət öz iş prinsipi, dünyagörüşü və apardığı siyasətlə dünyaya səs salan Ulu Öndər Heydər Əliyevdir. Ümummilli lider Azərbaycanı bir xalq, vətən, dövlət kimi çox sevirdi. Azərbaycanlı olduğu üçün fəxr etməsi, Azərbaycan kəliməsini gözləri yaşara yaşara deməsi Ulu Öndərin vətənə olan sevgisindəndir. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

 

Vüsalə Axundova 

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi 

 

165 dəfə oxunub