Ordumuz istənilən vəzifəni yerinə yetirmək əzmindədir

Ordumuz istənilən vəzifəni yerinə yetirmək əzmindədir

 

“Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında səsləndirib.

İndiyədək Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində vacib addımlar atılıb. Nəticədə Azərbaycan Ordusu regionda, eləcə də dünyada ən güclü ordu sırasındadır.

Orduda xidmətin yüksək səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulub. Hərbi hissələrin 90%-ində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Azərbaycan bu gün öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ölkə başçısının fəaliyyətində ordu quruculuğu birinci yerdədir və təsadüfi deyil ki, ölkəmizin hərbi xərcləri 24 dəfə artıb.

Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitə bərabər idi və bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu. 2003-cü ildə Azərbaycanın hərbi  xərcləri cəmi 160  milyon ABŞ dolları təşkil edirdi. 2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət,  2010-cu ildə bu xərclər 2  milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsi xərclərini ötdü. Bununla da işğalçı ölkə Ermənistan hərbi potensial baxımından Azərbaycanla rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı.

Azərbaycan hərbi xərclərinin artımı davamlı oldu - 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilib.  Bu 2020-ci ildə orduya ayrılan xərclərin 2019-cu ilə nisbətdə 666 milyon manat və ya 20,9 faiz çox olması deməkdir.

Beləliklə, son 17 ildə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutur.

Son 10 ildə ölkənin hərbi qüdrətinin artırılmasına imkan verən strateji sahə – müdafiə sənayesi təşəkkül tapdı. Prezidentin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hava hücumundan etibarlı müdafiə sistemi quruldu. Hərbi sahəyə ayrılan vəsaitlərin bir qismi yeni HHM sistemləri almağa sərf edildi və Azərbaycan regionda ən modern vasitələrlə təchiz olunmuş HHM qüvvələrinə malik oldu.

Azərbaycan ordusunun yeni silah və texnika ilə təchizatında birinci mərhələdə zirehli texnikanın, uzaqvuran artilleriya sistemlərinin, piyadaların döyüş maşınlarının və quru qoşunlarına hava dəstəyi üçün hücum vertolyotlarının alınması həyata keçirildi. İkinci mərhələdə ordunun arsenalı hədəfi yüzlərlə kilometr məsafədən dəqiq vuran raket sistemləri, daha uzaqmənzilli artilleriya qurğuları və hərbi sahədə strateji üstünlük qazandıran digər silah sistemləri ilə gücləndirildi.

Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin güclü ordu quruculuğu siyasətinin nəticəsi olaraq, beynəlxalq hesabatlarda da deyildiyi kimi,  Ermənistan üzərində əzici hərbi üstünlük əldə etdi.

Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezidentin fərmanı ilə 2011-ci ildə ölkədə ilk dəfə hərbçilərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsi mexanizmi yaradıldı. Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət büdcəsi vəsaiti hesabına mənzillə təmin edilirlər. İndiyədək 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.

Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər çoxdur, saymaqla bitməz. Görülən işlərin nəticəsinə gəlincə isə şərhə eyhtiyac yoxdur. Çünki, istər 2016-cı ilin, istərsə də 2018-ci illərin hərbi əməliyyatları Ordumuzun qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmində olduğunu açıq-aydın göstərdi.

 

Gülnarə Əsədova 

Azərbaycan Texnologiya Universitetinin əməkdaşı

 

 

79 dəfə oxunub