Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası

Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası

Koronavirus pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı, qlobal sosial-iqtisadi və humanitar təhlükələrə səbəb olub. Mütəxəssislərin “müharibə” adlandırdıqları COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.    

Bu istiqamətdə beynəlxalq təşkilatlar və böyük dövlətlərdən qlobal liderlik gözlənilsə də bu baş vermədi.  Beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabətə və özünü təcridə kökləniblər. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların əksəriyyəti uğursuzluqla nəticələndi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. 

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusla regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı. 

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında  Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. 

Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə, Prezident İlham Əliyev açılış nitqi söyləyərək, koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılmasının Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. Dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi, pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini də irəli sürdü. 

Təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev sögedən təkliflə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. 

Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar. 

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya “COVİD-19”-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. 

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Məlumata görə, BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.   

Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq. 

Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq.

Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi,  bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

 

 

 

 

302 dəfə oxunub