Mövsümün ilk Elmi Şura iclası təşkil edilib 

Mövsümün ilk Elmi Şura iclası təşkil edilib 

Azərbaycan Texnologiya Universitetində yeni tədris mövsümünün ilk Elmi Şurası təşkil edilib. Onlayn qaydada həyata keçirilən iclası açıq elan edən Elmi Şura sədri, rektor Akif Süleymanov üzvləri və iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, yeni nailiyyətlər arzulayıb, ardınca gündəlikdə duran məsələlərlə tanış edib.

Yay imtahan sessiyasının nəticələrini Tədris şöbəsinin müdiri Piri Axundov məruzə edib. Bildirib ki, onlayn qaydada təşkil edilən imtahanlarda 1528 tələbədən 1510 nəfər iştirak edib. 1262 tələbə imtahanlarda müvəffəqiyyət əldə edib. 131 nəfər əla, 490 tələbə əla və yaxşı, 641 nəfər qarışıq qiymətlər alıb. Qiyabi bakalavriat səviyyəsi üzrə isə 429 tələbə onlayn imtahanlara qatılıb, onlardan 311-nin nəticələri uğurlu olub. 

İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru Zaur Əliyev yeni tədris ilində gənc müəllimlərin işə qəbulu ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, əvvəlcədən bir çox KİV-də, eləcə də universitetin rəsmi saytında və sosial şəbəkə hesablarında vakansiyaya dair elan verilib və müraciət edənlər müsahibəyə dəvət edilib. İKİEM rəhbəri aidiyyatı komisiyanın ilkin nəticələrini səsləndirib.    

Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev magistraturaya qəbulun vəziyyəti barədə çıxış edib. Bildirib ki, bu il Azərbaycan Texnologiya Universitetinə magistratura pilləsinə 142 nəfər qəbul olub. Onlardan 130-u qeydiyyatdan keçərək UTECA magistrı adını qazanıb. Ötən il isə 80 nəfərin magitratura pilləsinə qəbul olduğunu vurğulayan məruzəçi şura üzvlərinə bəzi doktorantların əyani təhsil növündən qiyabiyə keçirilmə ilə bağlı  müraciətlərini çatdırıb. 

Tədris işləri üzrə prorektor Vüqar İsmayılov pandemiya dövründə tədris prosesinin təşkilinə dair ilkin təklifləri səsləndirib. Prorektor tələbələrin imtahana buraxılmamasına tətbiq olunan davamiyyət limitinin 40% olması, yaşı 65 dən yuxarı olan professor-müəllim heyətinin onlayn dərslərə cəlb edilməsi və s. kimi təkliflərlə çıxış edib. Mövzuya dair Elmi Şura sədri və üzvlərinin bir çox təklifləri, daxili tədbirlər planı müzakirə edilib. İclasda operativ nəzarət üzrə məsul şəxslər təyin edilib. 

 

 

 

193 dəfə oxunub