Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqi

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqi

Azərbaycan – Türkiyə münasibətləri tarixi və milli-mənəvi kökləri ilə birbaşa bağlı olan bir sıra amillərlə şərtlənir. Tarixi, etnik, ictimai,siyasi, milli-mənəvi təməllərə əsaslanan bu doğmalıq qədim və zəngin ənənələr üzərində qurulmuşdur. Türk xalqı dünyanın tarixi yaradan və ona istiqamətləndirən millətlərindəndir.

Tarixi birlik və qardaşlıq, qarşılıqlı inam, səmimi münasibətlər, səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri böyük vüsətlə möhkəmlənməkdədir. Xalqlarımızın etnik, dil, din və mədəniyyət birlikləri bu iki ölkəni həmişə doğmalaşdırıb, sevincli və kədərli günlərdə də birini digərinin yanında edib. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq təqdim etdiyi Azərbaycan-Türkiyə münasibətləri bu gün  hər iki ölkə rəhbərləri tərəfindən aparılan düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ən yüksək səviyyəyə çataraq, keyfiyyətcə daha kamil müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə münasibətlərindəki hazırki inkişaf regionda tərəqqiyə, sabitliyin bərqərar olmasına zəmanət verir. Digər tərəfdən, türk dünyasının bir araya gəlməsini təmin edən ən mühüm amillərdən biri məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafıdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Nəticə olaraq bu gün cənab prezident “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” ifadəsini qürurla səsləndirir.

Hazırda ölkələrimiz arasında siyasi müstəvidə olduqca yüksək səviyyədə münasibətlər formalaşıb, iqtisadi münasibətlər isə inkişaf dinamikasındadır. Belə ki, Azərbaycan və Türkiyənin iqtisadi potensialı bu sferada münasibətlərin, xüsusən də ticarət əlaqələrinin xeyli dərəcədə artmasına imkan verir. Son dövrlərdə bu məqsədlə bir sıra mühüm addımlar atılıb. Energetika sahəsində ölkələrimiz arasındakı mövcud olan qaz satışı və nəqli ilə bağlı bütün müqavilələr fəaliyyətdədir. Bu müqavilələr Trans Atlantik coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biridir. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Qeyd olunanlar ölkələrimizin energetika sahəsində möhkəmlənən münasibətlərinin qlobal enerji təhlükəsizliyinin təminatında  mühüm töhfələrdən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin xüsusi ilə regionun enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Son 4 ildə fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan və Türkiyənin iqtisadi müstəvidə münasibətlərini xeyli möhkəmləndirmişdir. Bu dəmir yolunun Naxçıvana kimi uzadılması üçün mühüm işlər görülür. Bu isə Naxçıvanın kommunikasiya əlaqələrinin mühüm bir mərhələsinin başlanğıcı, muxtar respublikanın iqtisadi cəhətdən bir daha güclənməsi olacaqdır. Uzun illərdir ki, Naxçıvanın həm iqtisadiyyatının sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında Türkiyə böyük rol oynayır.

İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək dünya tarixi üçün qardaşlıq nümunəsi kimi, sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi oldu. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Qarabağ Azərbaycandır – zəfər paradı zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqiyə yaradılan zəmanət bir daha bütün dünyaya nümayiş olundu. 

Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin belə ifadə edir: "Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır".

Hər dəfə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, İlham Əliyevin isə Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyaraq, regional tərəqqiyə zəmanət verir. 

Bütün bunlar ölkələrimiz arasında həyata keçirilən böyük geosiyasi əhəmiyyətli birgə iqtisadi layihələr, əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından  və əbədiliyindən xəbər verir.

Qalibə Məmmədova 

UTECA-nın Elm şöbəsinin müdiri

 

 

58 dəfə oxunub