Xalqın ümidi və pənahı

Xalqın ümidi və pənahı

     
Müstəqilliyimizi 1991- ci il oktaybrında əldə etsək də, ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Hakimiyyət böhranı davam edirdi, orduda da vəziyyət ağırlaşırdı, erməni təcavüzü günü-gündən artırdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Vətənin belə ağır günündə xalqın ümüdü və pənahı Ümummilli Liderimiz Heydər Əliyev oldu. Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışı 15 iyun 1993- cü il tarixində onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başladı. 


Heydər Əliyev Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda ilk addımları da məhz o dövrə təsadüf etdi. Sözün həqiqi mənasında dünya siyasətçisi olan Heydər Əliyevin o zaman həyata keçirdiklərini başqa cür deyil, yalnız siyasi qəhrəmanlıq, vətəndaş hünəri adlandırmaq olar. Bu gün tam inamla söyləmk olar ki,əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı , Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu. Ulu Öndərin rəhbərliyi ilə ölkə qarşısında dayanan kəskin problemlərin nizama salınması ilə yanaşı , dövlət və cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar aparılmasına yönəldilən hazırlıq işləri həyata keçirildi. O dövrün ictimai- siyasi şəraiti nə qədər mürəkkəb olsa da, ümummilli liderimiz dövlət quruculğu prosesində əsasən prespektivi nəzərdə tutulan çətin hədəfləri müəyyən etdi. 


Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. 


Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu Öndərin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizimlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmişdir və böyük bacarıqla tətbiq edilmişdir. Ölkəmizin gələcəkdəki gücü və taleyi də milli birliyi, ideoloji təhlükəsizliyi, iqtisadi müstəqilliyi , siyasi suverenliyi qorumaq və bütün bunlara paralel olaraq dünyaya inteqirasiyanı davam etdirmək əzmində olan ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və peşəkarlığıyla sıx surətdə bağlıdır. Bir sözlə , keçdiyimiz qısa tarixi dövür sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirləri Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə, ölkəmizin müasir dünyadakı yerinin və nüfuzunun güclənməsinə yönəlmişdir.

Namiq Muradov 
Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi faküləsinin tələbəsi

 

 

115 dəfə oxunub