Qalib ölkə Milli Qurtuluş Gününü qeyd edir

Qalib ölkə Milli Qurtuluş Gününü qeyd edir

Azərbaycan Texnologiya Universitetində (UTECA) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutan onlayn görüşdə xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günündən, həmin günü Azərbaycan xalqına bəxş edən ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərindən söhbət açılıb.

Universitetin tədris işləri üzrə prorektoru Vüqar ismayılov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov adından səmimi təbriklərini çatdırıb.Bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Çünki həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”.

Digər çıxışlarda vurğulanıb ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. 

Qeyd edilib ki, bu il Milli Qurtuluş Günü fərqli atmosferdə qeyd edilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Heydər Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil edib. Heydər Əliyev siyasəti ötən 17 il ərzində Prezident İlham Əliyev tərəfindən bütün sferalarda yeni dövrün çağırışlarına uyğun davam etdirilub, hər sahədə böyük uğurlar qazanılıb. Bunun bariz nümunəsi ötən il keçdiyimiz Qəıəbə, Zəfər yoludur. Prezident İlham Əliyev  Ötən il Ulu Öndərin daha bir vəsiyyətinin həyata keçdi və əzəli torpağımız olan Qarabağın 44 günlük müharibə nəticəsində düşmən tapdağından azadlığına nail oldu. Bununla xalqımızın 30 illik torpaq həsrətinə son qoyan, tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandanımızın necə güclü diplomat və sərkərdə olduğunu bütün dünya bir daha əyani şəkildə gördü.

Bu gün Ulu Öndərin siyasətini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan daha böyük uğurlara imza atır. Ümummilli liderin ideyaları yaşayır və dahi şəxsiyyətin gələcək nəsillərə miras qoyduğu Azərbaycan güclü dövlət kimi öz sözünü deməyi bacarır.

 

 

83 dəfə oxunub