Şuşa bəyannaməsi regionda sülhün və hərtərəfli  inkişafın təminatçısıdır

Şuşa bəyannaməsi regionda sülhün və hərtərəfli  inkişafın təminatçısıdır


        15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanmış “Şuşa bəyannaməsi” nəinki Qarabağ bölgəsinin və ya Azərbaycan Türkiyə münasibətlərinin, eyni zamanda bütün regionun gələcək inkişaf perispektivlərini müəyyən edə biləcək mükəmməl bir razılaşmadır. Bəyannamədə göstərilən, Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin gücləndirilməsi bəndlərini istisna etsək bəyannnamənin digər bəndlərindən, istər iqtisadi əməkdaşlığa aid olan, istər siyasi əməkdaşlığa aid olan və ya nəqliyyat dəhlizlərinin açılmasına aid olan bəndlərindən Ermənistan Respublikası da yararlana bilər və bu onlara böyük fayda gətirə bilər. Əslində bu günkü Ermənistanın bütün problemlərinin əsas səbəbi qonşularla yaratdığı mənfi münasibətlərdir. Bu qonşu düşmənçiliyi və onun gətirdiyi blokada Ermənistanı regionda gedən əksər iqtisadi proseslərdən kənarda qoyduğu kimi, ölkənin iqtisadi cəhətdən çökməsinə və əhalinin böyük bir hissəsinin öz evlərini tərk etməsinə səbəb olub. Müasir mənzərədə Ermənistan  ABŞ-da, Fransada, Rusiyada və bir sıra başqa ölkələrdə özünə müttəfiq və ya dost axtarışındadır amma tarixi təcrübə onu göstərir ki, qonşularla düzgün münasibətlər qura bilməyən xalqlar bütün parametrlərdə geri qalmağa məhkum olurlar.   
 Tarixə nəzər salanda aydın şəkildə görmək mümkündür ki, ermənilərin qonşuları ilə olan təhlükəli münasibətlərinin səbəbkarı elə ozləridir. Onların bütün qonşularına olan ərazi iddiaları, özlərinin dünyanın ən qədim xalqı olduqlarını sübut etməyə çalışan yalançı xəstə təfəkkür və bir sıra başqa şəxsi ambisiyaları ermənilərin əsas problemidir. Tarix boyu biz türklər, istər Anadolu istərsə də Azərbaycan türkləri ermənilərə qarşı heç bir iddiada olmamış, onlara qarşı daim səxavət və mərhəmət göstərməyə çalışmışıq. Təəssüflər olsun ki, qarşılığında düşmənçilik görmüşük. 
 Bu gün nəinki Azərbaycan eləcədə, bütün region üçün münasibətlərə yenidən baxmaq, əlaqələri yenidən qurmaq və yeni perspektivlərdən düzgün yararlanmaq kimi şans yaranıbdır. Azərbaycanda xalq və hakimiyyət birliyinin gətirdiyi tarixi Qarabağ qələbəsi bütün regionun siyasi və iqtisadi mənzərəsini müsbətə doğru yenidən dəyişəcəkdir. Nəqliyyat dəhlizlərinin xüsusilədə, Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin, Azərbaycanın və Türkiyənin formalaşdırdığı, yeni mənzərədə iştirakına səbəb olacaqdır. Xüsusilədə bu işdən ən çox fayda götürən Ermənistan ola bilər. Avropaya bir başa çıxışı olmayan, ən yaxın müttəfiqi olan Rusiya ilə Gürcüstan vasitəsilə əlaqə yaratmağa çalışan Ermənistan üçün sərhədlərin açılması böyük gəlir gətirə biləcək bir şansdır. Gürcüstan Rusiya sərhəddinin ağır coğrafi şəraiti və o qədər də yaxşı olmayan Ermənistan – Gürcüstan, Gürcüstan – Rusiya münasibətləri bir çox hallarda ermənilərin Rusiya ilə əlaqəsinə  maneçilik törədir. Əslində Ermənistanın bu 44 günlük müharibədə məğlubiyyəti, məsələyə düzgün yanaşa bilsələr onların qələbəsinə çevrilə bilər. Çünki hazırki iqtisadi və siyasi mənzərə ilə Ermənistan iqtisadi cəhətdən çökə və öz mövcudluğunu itirə bilər. Bir sözlə Ermənistanın xilası Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Sülhü hansısa ölkənin sülhməramlı qüvvələrində axtarmaqdansa qonşularla müsbət münasibətlər qurmaq daha faydalıdır. 


         Azərbaycan və Türkiyə rəhbərlərinin bir başa təşəbbüsü ilə imzalanmış “Şuşa bəyannaməsi” nəinki Ermənistanla Azərbaycan arasında eləcədə bütün regionda sülhün təminatçısına çevriləcəkdir. Onun yaradacağı yeni iqtisadi əlaqələr, Azərbaycanla Türkiyə arasında daha da möhkəmlənən qardaşlıq, mütləq və mütləq  bütün bölgənin xilasıdır. Çünki  bizlər sülhpərvər, dostcanlı, mərhəmətli və ən əsası mərd xalqın nümayəndələriyik. Bizimlə dost olmaq hər kəsin faydasınadır.  

Şahmar Həsənov
Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi

56 dəfə oxunub