Tolerantlıq məkanı Azərbaycan

Tolerantlıq məkanı Azərbaycan

Azərbaycan dünyada ayrı-ayrı xalqların və dinlərin mehriban yaşadığı bir ölkə kimi tanınır. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Müxtəlif dövrlərdə ölkəmizdə fərqli dinlərdən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda da onlar öz fəaliyyətlərini davam etdirirlər. Heç kimə sirr deyil ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında da multikulturalizmlə bağlı fikirlər səsləndirmiş və ölkəmizin dünyaya dözümlülük və birgəyaşayış nümunəsi təqdim etdiyini əminliklə vurğulamışdır. Ölkə başçısı demişdir: “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınmışdır”.

Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi Sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalanı isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgə yaşa-yışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

Heyran Cəfərova 

Azərbaycan Texnologiya Universitetinin müəllimi

 

 

94 dəfə oxunub