Tarixi qələbənin şanlı səhifəsi: Kəlbəcərin azadlığı

Tarixi qələbənin şanlı səhifəsi: Kəlbəcərin azadlığı

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Rayonun dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Ümumiyyətlə, Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Bundan başqa, rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Abibə və ziyarətgahlar uzun illər işğal altında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənilər tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi yurdundan didərgin düşmüşdür. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşmüşdür. Kəlbəcər Azərbaycanın işğal edilən rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən illərcə istismar edilib.

Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb. Bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri - sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonlarımız ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcərin inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

Lakin artıq o günlər arxada qalıb.

“Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”

Ulu Öndər Heydər Əliyev 

27 ildən sonra Ulu Öndərin söylədiyi bu fikri onun siyasi əqidəsinə sadiq qalan, onun başladığı Azad Azərbaycan üçün edilən işləri layiqlə və şərəflə yerinə yetirən Prezident İlham Əliyev həyata keçirir. Uzun müddət aparılan danışıqların nəticəsiz qalması işğal olunan ərazilərimizə aid yerinə yetirilməyən BMT qərarları 2020-ci il 27 sentyabr tarixində  Vətən müharibəsinə başlamağa sövq etdi. Əslində bu müharibə tarixi ədalətin bərpası, itirilmiş dədə-baba torpaqlarının geti qaytarılması idi. 44 günlük Vətən müharibəsindən qalib ölkə və qalib xalq olaraq çıxmasına aparılan daxili və xarici siyasət, Azərbaycan xalqının biriliyi, ordumuzun şücaəti səbəb olur. Ötən ilin bu günü Müzəffər Azərbaycan Ordusu artıq Kəlbəcərdə şanlı bayrağımızı dalğanlandırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla əsirlikdən azad etdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

"Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilmişdir. 9458 nəfər bu medala layiq görülmüşdür.

Bu gün Kəlbəcərdə quruculuq işləri gedir və bu gün orada şanlı Azərbaycan bayrağı dalğalanır. Vətən üçün həm birinci, həm də ikinci Qarabağ müharibəsində canlarından keçən, bizə bu şanlı qələbəni yaşadan, torpaqlarımızın qayıtmasında əvəzsiz rolları olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Tamara Ələkbərova

Azərbaycan Texnologiya universitetinin Avtomatika və informasiya texnologiyaları kafedrasının müəllimi 

69 dəfə oxunub