Azərbaycan beynəlxalq platformalarda: Qoşulmama Hərəkatı

Azərbaycan beynəlxalq platformalarda 

Qoşulmama Hərəkatı

Müasir dövrdə Qoşulmama Hərəkatı (QH) beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Bu hərəkatın əsas məqsədi dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. QH  müasir dünyada da öz aktuallığını itirmir.  QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Sıralarında 120 ölkəni birləşdirən QH-da həm də BMT, Afrika İttifaqı, İƏT kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın cox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərin sayına görə QH BMT-dan sonra dünyanın ən böyük qurumudur.

Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

2018-ci ilin 5 aprel tarixində  Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz QH tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2019-cu ilin oktyabrın 25-də  ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma üç ildir sədrlik edir.

Pandemiyanın əmələ gətirdiyi mürəkkəb beynəlxalq şəraitdə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidenti COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış edib. 

9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası keçirilib. QH üzv dövlətlərinin xarici işlər nazirlərinin video-konfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, yəni 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün tədbirin gündəliyinə ayrıca “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” başlıqlı bənd daxil edilib və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilib. Xüsusi Bəyannamədə Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə edib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulayıblar. Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildiriblər.

  BMT Təhlükəsizlik Şurasının 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə edilməsi məqsədilə qapalı məsləhətləşmələri keçirilib. TŞ sədrinin məsələ ilə bağlı qərəzli bəyanatının layihəsi müzakirəyə çıxarılıb, lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etmişdi ki, müzakirə edilən mətnə TŞ-nın müvafiq qətnamələrinə istinad əlavə edilsin. QH ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirmişdi. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul etdi.

Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə doğru aparır. İnanırıq ki, Azərbaycan Respublikası  Prezident İlham Əliyevin rəhbərliyi altında 2019-2022-ci illərdə bu  məsuliyyətli missiyanın da öhdəsindən gələcək.

 

Dos. Fuad Yusifov 

Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm  kafedrasının müdiri                              

102 dəfə oxunub