Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Azərbaycanın hərbi, siyasi qələbəsinin bariz nümunəsi olan  44 günlük Vətən Müharibəsi uzun illər düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi və “Dağlıq Qarabağ” probleminin birdəfəlik tarixə qovuşması ilə nəticələndi. Müqəddəs Vətən müharibəsində rəşadətli ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında əldə elədiyi şanlı qələbə  regionun inkişafını təmin etmək üçün kommunikasiyaların açılmasına, iqtisadi potensialın canlanmasına və sülhün təmin edilməsinə imkan yaratdı. Təbii ki, bu məqsədlə ilk olaraq Azərbaycan tərəfi gərəkli olan bütün addımları atdı və bu gün də bu istiqamətdə irəliləməkdədir. Baxmayaraq ki, Azərbaycan bütün qarşıdurmalara son qoymaq, sülh şəraitində yaşamağı təmin etmək məqsədilə dəfələrlə Ermənistan tərəfə əmin-amanlıq şəraitində yaşamağı ehtiva edən təkliflər üzərində işləməyi təklif etsə də, qarşı tərəfdən adekvat cavablar alınmamışdır. Bu müddət ərzində mütəmadi xarakter daşımasa da, sərhəddə insidentlərin baş verməsi rəsmi İrəvanın etibarsız tərəfdaş olmasını, nəinki Azərbaycana, eləcə də öz strateji tərəfdarlarına qarşı riyakarlıq nümayiş etdirməsini bir daha sübut edir.  

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən görüşü Qafqazda sülhün, əmin-amanlığın təmin olunması istiqamətində çox mühüm bir addım kimi qiymətləndirilməlidir. Soçi görüşünün sonunda imzalanan bəyanatda əksini tapan müddəalar Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olmasının əsas göstəricisidir. Düzdür, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən, imzaladığı sənədlərdən dəfələrlə boyun qaçırdığı hallarına rast gəlsək də, hazırda yaşadığı siyasi-iqtisadi böhran onu problemlərin həlli üçün Azərbaycanın ortaya qoyduğu variantları qəbul etməyə məcbur edir. 

Məlum olduğu üzrə, Soçi görüşündə əsas müzakirə mövzusu olan məsələ 2020-ci il noyabr bəyanatı  və regionun iqtisadi inkişafı,  nəqliyyat əlaqələrinin bərpası haqqında  2021-ci il yanvar ayının 11-də imzalanan bəyanatndan irəli gələn məsələlərin  yerinə yetirilməsi ilə əlaqədar idi. Rusiya Prezidenti Vladimir Putin mətbuata çıxışında Prezident İlham Əliyevin qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı təmin etmək üçün sülh müqaviləsi üzərində işə başlamağın lazım olduğu ilə əlaqədar toxunduğu məsələlər ətrafında danışdı. Eləcə də, Rusiya Prezidenti iki dövlət arasında sərhəddin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Onun nəqliyyat dəhlizlərinin açılmasına xüsusi diqqət yetirməsi bir daha sübut etdi ki, rəsmi Moskva Zəngəzur dəhlizi layihəsini ən ali səviyyədə dəstəkləyir. Sirr deyil ki, bu dəhlizin açılması həm müasir geosiyasi reallıqlar prizmasından, həm tarixi aspektdən, həm də bölgədə sülhün, əmin-amanlığın bərpa olunması baxımından prinsipial əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi bölgə ilə yanaşı türkdilli ölkələrin də iqtisadiyyatına müsbət təsir göstərəcək. Bölgədə ticarət artacaq, əhalinin yaşayış səviyyəsində irəliləyişlər müşahidə olunacaq. Dəhliz Naxçıvanın Azərbaycanın əsas ərazisindən bu nəqliyyat dəhlizlərinə çıxmasını təmin edəcək, eləcə də, Azərbaycanın Türkiyə ilə əlaqələrini artıracaq, ölkəmizin geosiyasi əhəmiyyətini gücləndirəcək.  

Bütövlükdə Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğuru, cənab İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsi kimi qiymətləndirilməlidir. Artıq Azərbaycanın Qafqazda böyük nüfuza malik olan bir dövlət olması həm Qafqaz dövlətləri, həm İslam dövlətləri, həm də Ermənistan tərəfindən qəbul edilir. Bu da danılmazdır ki,  Azərbaycanın iqtisadi inkişafı regionda digər dövlətlərin də inkişafına öz müsbət təsirini göstərəcəkdir. 

Zəminə Novruzova

Azərbaycan Texnologiya Universitetinin  İctimai elmlər və multikulturalizm kafedrasının  baş müəllimi 

93 dəfə oxunub