Tarixi ünvanlarda xüsusi günlər 

Tarixi ünvanlarda xüsusi günlər 

Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair bütün görüşlərdə qeyd edirdi ki, münaqişənin həlli danışıqlar yolu baş tutmasa, onda hərbi vasitə ilə bu məsələ öz həllini tapacaqdır. Ona görə də Cənab İlham Əliyev daim ordu quruculuğunun müasir tələblərə uyğun səviyyəyə çatdırılmasına dair işlər görürdü.

Ordu quruculuğunda əsas istiqamətlərdən biri ordunun müasir silahlar, texnikalar və texniki vasitələr ilə təchiz olunmasıdır. Bu proses İkinci Qarabağ müharibəsindən sonra da davam etdirilir. Bu özünü 2022-ci ilin dövlət büdcəsində orduya ayrılan vəsaitdə öz əksini tapır.

Azərbaycan Ordusunun möhkəmləndirilməsi işləri davam edir. Bu baxımdan 24 dekabr 2021-ci il tarixində Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi qoşun növü olan Komando hərbi briqadanın yaradılması mərasimində iştirak edib. Görüşdə Prezident bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin təşkil olunması prosesi davam etdiriləcəkdir. Yeni yaradılacaq hərbi briqadalarda çoxlu sayda peşəkar hərbiçilərimiz xidmət edəcəklər.

Orduya diqqətin digər təzahürlərindən biri də hərbiçilərin xidmət şəraitinin yaxşılaşdırılması və onların məişət-mənzil problemlərinin həll edilməsidir. Bu istiqamətdə görülən işlər sırasına 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərin dövlət tərəfindən mənzillə təmin edilməsini aid etmək olar.

Bu günə qədər 2200-dən çox hərbi qulluqçu mənzillə təmin olunub. Bundan başqa mütəmadi olaraq hərbçilərin dövlət tərəfindən əmək haqqlarının artırılmasını qeyd etmək olar. Həmçinin hərbi kadrların xarici ölkələrdə, xüsusən də qardaş Türkiyədə təlimlərdə iştirak etmələrinə və kurslarda yeni hərbi biliklər mənimsəmələrinə xüsusi diqqət verilir. 

İkinci Qarabağ müharibəsində ən əhəmiyyətli əməliyyatlardan biri də Hadrut qəsəbəsinin işğaldan azad edilməsi olmuşdu. Çünki Şuşa şəhərinin azad edilməsi Hadrut əməliyyatından asılı idi. Bu müvəffəqiyyətin əsasını bizim hərbiçilərimizin həm peşəkarlığı, həm də fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi və fədakarlığı təşkil edirdi.

Hadrut əməliyyatından 8 gün sonra Füzuli şəhəri azad edildi. Hadrutun geri qaytarılması Şuşanın azadlığı üçün bir növ açar rolunu oynadı. Şuşa əməliyyatı hazırda inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində öyrənilir. Yüngül silahlarla qayalara dırmaşmaqla qəhrəman övladlarımız Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərin işğaldan azad etdi. 

Hörmətli Prezident İlham  Əliyevin ad günlərini hərbçilərlə, məcburi köçkünlərlə birlikdə keçirməsi ənənəyə çevirib. Belə ki, 50 illiyini Ağcabədidə köçkünlərlə qeyd edən Ali Baş Komandan, 60 illik yubileyini də Qarabağda-Şuşada keçirdi. “Xarıbülbül” festivalında Ulu öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Heydər Əliyev böyük inamla deyirdi ki, biz Şuşaya qayıdacağıq, inan ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.

Prezidentimiz İlham Əliyev həmişə öz çıxışlarında xalqın dəstəyinin ona güc verdiyini qeyd edir: “Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan Xalqı böyük tarixi uğurlara imza atmışıq”.

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri

     

88 dəfə oxunub