Byun Chang Yul

Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli İnformasiya Texnologiyaları Sənaye Təşviqi Agentliyi (NİPA) tərəfindən Azərbaycan Texnologiya Universitetinə ezam edilib. UTECA-da 1 il müddətinə öz təcrübələrini bölüşəcək yüksək ixtisaslı ekspertin “Texnoloq” qəzetinə müsahibəsindən:

-34 illik bir təcrübəyə sahibsiz, bunun 20 ildən artığını xarici ölkələrin təhsilinin təkmilləşdirilməsinə və onlardan nələrsə əldə etməyə həsr etmisiz. Son təcrübələriniz haqda eşitmək istərdik.

-2016/2018-ci illərdə Özbəkistanda fəaliyyət göstərmişəm. Bu müddət ərzində Daşkənd universitetlərindən birinə yenilik gətirdik. Belə ki, Daşkəndin İKT vəlogistika profilli universitetindən birində Cənubi Koreyanın İnha universitetinin filialının açılmasına təşəbbüs göstərdik. Layihə reallaşdı, nəticədə özbəklər üçün yaxşı imkan yarandı. Həmin universitetə qəbul daha şəffaf olub ki, ən böyük nailiyyətlərdən biri də bu idi. O tələbələr ikili diplom imkanı qazanıblar. Hazırda daha bir C.Koreya universiteti olan Acou-nun Özbəkistan universitetlərindən birində elektrik mühəndisliyi və memarlıq-inşaat sahəsi üzrə filialı açılmaq üzrədir.

-Və növbəti seçiminiz Azərbaycan oldu, yəqin ki, bir səbəbi var.

-Azərbaycan Özbəkistandan daha zəngin ölkədir, çünki, təbii sərvətləri daha genişdir. Azərbaycana gəlməyim də təsadüfi deyil, çünki, MDB məkanında, regionda kifayət qədər gücü və imkanı var, həm də yaşamaq üçün ən təhlükəsiz ölkələrdəndir. Sadəcə təhsilə sərmayə yatırılsa iqtisadi cəhətdən daha da inkişafa nail ola, neft və aqrar sahədən asılılığı aradan qaldıra bilər. Elmin iqtisadiyyata töhfəsi zəruridir və buna nail olmaq üçün də maliyyə lazımdır.

-Artıq üçüncü həftədir ki, Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərirsiniz, bəs burada hədəfləriniz nədən ibarətdir?

-Gəldiyim vaxtdan şöbələrin iş prinsipi ilə tanış oluram. Müşahidə etdim ki, elmi tədqiqatların dünya standartları əsasında aparılmasına ehtiyac var. Misal üçün Cənubi Koreya təhsili Avropa standartlarından çox Amerika standartlarına əsaslanır, həmin standartları üstün tutur. Burada da Amerika standartların tətbiqinə ehtiyac var. Nəticədə elmi tədqiqatlar universitetin özəyidir və dəyişikliyə buradan başlamaq olar. Yüngül sənaye sahəsində Koreya təcrübəsinə əsaslanan, Asiya ölkəsinin tekstil dünyasını UTECA-ya cəlb etməklə Texnoparkın qurulması haqda da düşünürəm. Keyfiyyətin təminatı məsələləri ilə tanış olub, nəticəyə əsasən təkliflər verib dəyərləndirəcəyik. Hələlik nəsə demək tezdir, çünki hazırda analiz aparırıq, vəziyyəti təhlil edirik. Bütün hallarda ilk iş rastlaşdığımız köhnə standartları yenilərilə əvəz etmək olacaq.

5 dəfə oxunub