Azərbaycan Texnologiya Universitetində ``Xalqa həsr olunmuş ömür`` adlı tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində Tələbə Gənclər Təşkilatının və UTECA Könüllülərinin birgə təşkilatçılığı ilə "Xalqa həsr olunmuş ömür" adlı tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə rektorun tədris və tənaye üzrə müşaviri dos.Aqil Eyvazov giriş sözü ilə çıxış edərək Ulu öndərin fəaliyyəti, xidmətləri barədə tələbələrə geniş məlumat verib. Bildirib ki, Ulu Öndərin yaratdığı dövlət idarəçiliyi müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır. 

Rektorun ictimai işlər üzrə müşaviri dos.Nazim Kərimov isə çıxışında Heydər Əliyevin Gəncəyə göstərdiyi xüsusi diqqət haqqında məlumat verib. Qeyd edib ki, Gəncənin hələ sovet dövründə sənaye şəhərinə çevrilməsində məhz Heydər Əliyevin böyük rolu olub. 

Elmi katib dos.Mətanət Əhmədova isə çıxışında gənclərin Heydər Əliyev sevgisindən bəhs edib. Bildirib ki, bu gün gənclər azərbaycanlı olması ilə daim qürur duyan, həyatının çoxunu ölkəsinin tərəqqisi uğrunda apardığı mübarizəyə həsr edən Ulu öndərin işıqlı yoluna pərəstiş edir. 

Çıxışlarda qeyd olunub ki, xalqımızın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev xalqımızın unudulmaz şanlı, qürurlu banisi olaraq hər zaman dərin hörmətlə yad ediləcək.

Tədbir zamanı tələbələrin ifalarında Ümummilli liderə həsr edilmiş şeir və mahnılar səsləndirilib. Sonda "Xilaskar ömrü" adlı sənədli film nümayiş olunub.

 

 

 

59 dəfə oxunub