Azərbaycan Texnologiya Universiteti ilə (UTECA) Azərbaycan Dəmir Yolları QSC nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Texnologiya Universiteti ilə (UTECA) Azərbaycan Dəmir Yolları QSC nümayəndələri arasında görüş keçirilib

UTECA-da baş tutan görüşdə rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Nazim Vəliyev, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev, ADY-nin Karyeranın idarə edilməsi və İşə qəbul şöbələrinin rəhbər şəxsləri İlkin Məcidov və Elçin Nəsirov iştirak ediblər. 

Görüş zamanı dəmiryolu yükdaşımaları ilə bağlı son illər ölkədə əldə edilən nailiyyətlərdən danışılıb. Qeyd edilib ki, Azərbaycanda dəmir yolu vasitəsi ilə daşınan yüklərin həcmi ildən-ilə artır. Belə ki, cari ildə bu göstərici 14 milyon ton olduğu halda gələn il rəqəmin təxminən 29 milyon tona çatacağı gözlənilir. Ələt limanı və Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin yaxın gələcəkdə istismara veriləcək Zəngəzur dəhlizi sayəsində bu sahədə böyük sıçrayışın olacağı, buna görə də sözügedən sahədə ciddi kadr ehtiyacının artacağı vurğulanıb. 

Rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov UTECA ilə ADY arasında imzalanan memorandumun və daha öncəki görüşlərin əhəmiyyətini qeyd edərək bundan sonra tərəfdaşlığın daha da genişləyəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, universitetin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri logistika sənayesidir: “Rektor professor Akif Süleymanov müvafiq ixtisasın tələbələrinin müasir tələblər çərçivəsində təcrübə keçmələrinə həssas yanaşır. Tələbələrimiz müxtəlif logistik mərkəzlərdə tədqiqatlar aparır və seminarlarla çıxış edirlər. Təsadüfi deyil ki, son illər logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, eləcə də nəqliyyat mühəndisliyi ixtisaslarımıza qəbul planı tam dolur. Bir sözlə, universitetimiz bu sahənin kadr təminatında müəyyən rol oynayır. Əminik ki, ADY ilə əməkdaşlıq müvafiq ixtisaslarımızın məzunları üçün yeni platforma olacaq”.

Görüş zamanı ADY QSC-də mövcüd olan vakansiyalar barədə mütəmadi olaraq universitetə məlumat verilməsi, ADY QSC-də UTECA tələbələrinin təcrübəsi, qarşılıqlı mütəxəsis mübadiləsi, müəyyən tədris proqramının müəssisənin tələblərinə uyğunlaşdırılması və s. kimi punktları əks etdirən birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə edilib.

 

 

 

356 dəfə oxunub