Azərbaycan Texnologiya Universiteti Erasmus+ proqramı çərçivəsində Polşada təmsil olunub
Müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq həftə"də Azərbaycan Texnologiya Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Jalə Həmzəyeva təmsil edib.
Tədbir Polşanın Belostok şəhərində keçirilib. 23-27 may tarixlərində Belostok Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və dəyərləri haqda danışılıb.
Təlim müddətində hər bir nümayəndə öz ölkə və universitetinə aid materiallar nümayış etdirərək maraqlı məruzələrlə çıxış ediblər. Jalə Həmzəyeva “Azərbaycan, Gəncə və Texnologiya Universiteti” başlıqlı mövzu ilə çıxış edib. Ölkəmizin regionda rolundan, Gəncənin tarixindən, UTECA-nın nailiyyətlərindən bəhs edib.
Tədbir çərçivəsində Belostok Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib. Sonda iştirakçılar sertifikatlarla təltif edilib.