Azərbaycan Texnologiya Universiteti Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlıqları uğurla davam etdirir

 

Azərbaycan Texnologiya Universiteti Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlıqları uğurla davam etdirir

Azərbaycan Texnologiya Universitetinin daha 1 (bir) tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniyanın Şmalkalden Tətbiqi elmlər Universitetində bir semestr müddətində təhsilini davam etdirmək imkanı əldə edib. Eyni zamanda, keçən semestr eyni proqram çərçivəsində Polşa və Rumıniya universitetlərində təhsil almış 2 (iki) tələbə müvafiq universitetlərdə imtahanlarda yüksək nəticələr əldə edərək təhsillərini uğurla başa vurub universitetə qayıdıblar.

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib, öz tövsiyələrini verib, tələbələrin mübadilə ilə bağlı təəssüratlarını dinləyib. Yaşar Ömərov tələbələrə gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb və bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib. O, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.

Tələbələr də öz növbəsində, onlar üçün bu cür imkanlar yaradıldığına görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa və s. kimi ölkələrin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir və proqram çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.

 

 

 

150 dəfə oxunub