Azərbaycan Texnologiya Universitetində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib

 

Azərbaycan Texnologiya Universitetində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. Bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb.

Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri professor Əhəd Nəbiyev, Fizika kafedrasının dosenti Zərdan Səmədov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Süsənbər Məmmədova çıxışlarında qeyd ediblər ki, 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Tədbirdə İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Mətanət Mustafayevanın “Milli azadlıq hərəkatında ziyalılar”, İnzibati idarəetmə və kommersiya kafedrasının assistenti Arzu Əsgərovun “Azərbaycan xalqının milli azadlıq hərəkatının başlanğıc günü” adlı məruzələri dinlənilib.

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Aynur Əliyeva və Arzu Əsgərov vətənpərvər şeirlər səsləndiriblər.

#MilliDirçəlişGünü #AzərbaycanTexnologiyaUniversiteti

 

 

 

120 dəfə oxunub