Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və Ekologiya kafedrasının əməkdaşları və tələbələri Göygöl Milli Parkına səfər edib

Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və Ekologiya kafedrasının əməkdaşları və tələbələri Göygöl Milli Parkına səfər edib.

Nümayənə heyəti burada 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü çərçivəsində keçirilən tədbirdə iştirak edib.

Tədbirdə Ermənistanın torpaqlarımıza qarşı törətdiyi ekoterrora, böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələrinin işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilməsinə diqqət çəkilib.

Görüşdə Azərbaycan Texnologiya Universitetinin Göygöl Milli Parkı ilə sıx əməkdaşlığı vurğulanıb. Tədbirdə iştirak edən kafedra əməkdaşları bildiriblər ki, tarixi günün xüsusi mühafizə olunan ərazilərdə qeyd edilməsi ölkəmizin nadir təbiət nümunələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Ölkəmizdə ümumilikdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Eyni zamanda, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, mövcud ərazilər genişləndirilir.

Qeyd edək ki, dünyada ilk dəfə 1917-ci il yanvarın 11-də Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.

 

 

154 dəfə oxunub