Azərbaycan Texnologiya Universitetində 20 yanvar faciəsinə həsr edilmiş "20 yanvar hadisələri və Heydər Əliyevin cəsarətli bəyanatı” adlı tədbir keçirilib
Tədbir çərçivəsində universitet rəhbərliyi və kollektivi Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət edib. 20 yanvar şəhidlərinin ruhuna dualar oxuyub, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir universitetdə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Qanlı yanvar hadisələrinin tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən, o dövrdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının əzmindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutulmasına, ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqətindən bəhs edib.
Daha sonra Gəncə şəhər İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədov, Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosent əvəzi Mehriban Tağıyeva çıxış edib.
Çıxışlarda bildirilib ki, 33 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da fövqəladə vəziyyət elan edilmədən Sovet İttifaqının qoşun hissələri Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutulub. Nəticədə sinəsini sipər edən yüzlərlə insan əliyalın qətlə yetirilib, yaralanıb və itkin düşüb. Qeyd olunub ki, 20 yanvar hüzn günü, həm də qürur günüdür. Bu tarix milli iradənin zəfər çaldığı gündür. Məruzələrdə bildirilib ki, həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi gün Azərbaycanın daimi nümayəndəliyinə gələrək və həyatını təhlükədə qoyaraq Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut edib. Çıxışçılar faciə qurbanlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını bildiriblər.
Tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib.