İşəgötürənlər gələn il nə tələb edəcək?

10 ƏSASBACARIQ

Gələcəkdə işsiz qalmamaq üçün hansı keyfiyyətləri inkişaf etdirmək lazımdır?

Ümumdünya İqtisadi Forumunun “The Future of Jobs” hesabatına görə 2020-ci ildə işəgötürənlərin üstünlük verdiyi bacarıqların çoxu 2015-ci ildə elə də əhəmiyyətli hesab edilmirdi. Səbəb isə texnologiyanın surətli inkişafıdır. Lakin mütəxəssislər hesab edirlər ki, robotlar mövcud peşələri tamamilə əvəz etməyəcək, avtomatlaşdırılmış tapşırıqların yalnız bir hissəsini öz uzərinə götürə biləcəklər. İnsanlar isə, karyera pilləsində irəliləmək üçün, özlərində daha çox keyfiyyətləri inkişafetdirməli olacaqlar. Qurumun araşdırmasına görə 2020-ci ilin fərd bacarıqları əsasən aşağıdakıları özündə əks etdirməlidir.

1. Problemlərin kompleks həlli

Bu bacarıq peşəkarın həmkarları ilə zəncvari əlaqə rolunu oynamasına, problemi aşkar etməklə yanaşı onun mənbəyini müəyyənləşdirməsinə kömək edir. Bu qabiliyyətin sahibi olan mütəxəssis layihədə qarşıya çıxan problemləri təxmin etməli və onun qarşısını almağı bacarmalıdır. Mütəxəssislərin fikrincə 2020-ci ildə iş yerlərinin 36%-ində məhz problemləri hərtərəfli həll etmək bacarığı tələb olunacaq.

2. Tənqidi düşüncə

Texnologiyalar təkmilləşir -Alibaba və Microsoft şirkətləri 2018-ci ildə dünyada ilk dəfə mətnin oxunuşunun başa düşülməsinə görə insandan üstün süni intellekt (Aİ) sistemini təqdim etdilər. Lakin genişlənən robototexnika imkanları tənqidi düşüncəyə sahib insanlara ehtiyacı da artırır. Məsələn, insan istifadə olunan texnologiyanın nə qədər optimal və etik olduğunu və fayda verməsi üçün onu kalibrləmə üsulunu qiymətləndirməlidir.

3. Kreativlik

Süni intellekt dünyasından daha bir xəbər - Microsoft texnki tapşırığı, daha dəqiq desək mətni təsvirə çevirməyi bacardı. Məlum məsələdir ki, hələ başlanğıc astanasında olan bu yenilik sadə tərtibatçılara tələbi azaldacaq. Ancaq maraqlı, yaradıcı fikirlərə ehtiyacı artıracaq. Odur ki, işəgötürənlər 2015-ci ildə sonuncu sırada yer alan kreativlik bacarığına 2020-ci ildə daha çox üstünlük verəcəklər.

4. İnsanları idarə etmək bacarığı

Şirkət işçilərini koordinasiya etmək, tapşırıqlar vermək, nəzarətdə saxlamaq qədər, icra üsullarını müəyyənləşdirməkdə vacibdir. Xarizma, cazibədarlıq, empatiya keyfiyyətləri isə robotlar üçün səciyyəvi deyil. Nəticə etibarilə işəgötürənlər gələcəkdə liderlik qabiliyyəti olanlara - insanları motivasiya etməyi, istedadları təşviq və inkişaf etdirməyi, effektiv komanda qurmağı bacaran fərdlərə ehtiyac duyacaqlar.

5. İnsanlarla qarşılıqlı əlaqə

Komandada işləmək bacarığını tamamilə əvəzləmək üzrə olan bu bənd həm də gələcək sosial bacarıqların ümumi tendensiyasını əhatə edir. Yeni tanışlıqlara uyğunlaşmaq, razılaşmaq, qayğı göstərmək, məsuliyyəti digərinə ötürməmək – hesabatı hazırlayan analitiklərinfikrincə bu keyfiyyətləri özündə birləşdirməkdə fayda var.

6. Emosional zəka (EQ)

Emosional zəka özünün və digərlərinin emosiyalarını anlamaq, idarə etmək, yəni bu emosiyalardan situasiyaya görə istifadə etmək bacarığıdır. Alimlərin fikrincə bu xüsusiyyət qədim insanların da həyatda qalma səbəblərindən olub. İnsanlar mağaraları çoxdan tərk etdiblər, lakin, emosional zəka hələ də cəmiyyətdə uğurlu fəaliyyət göstərmək üçün əsas bacarıq hesab olunur. Unutmayın ki, hər reaksiya komanda daxilində münasibətləri tənzimləyəcək.

7. Təhlil etmək və qərar vermək bacarığı

Hər hansı şirkət milyonlar gətirən qərardan əvvəl müəyyən analizlər həyata keçirir. Məlumat mənbə və vasitələri isə günbəgün artır, genişlənir. Bu tendensiya əldə olunan məlumatları təhlil etməyi və sistemləşdirməyi bacaran əməkdaşlara ehtiyac yaradır. Vacib meyara sahib olanlar çətin ki, işsiz qalsın.

8. Müştəriyə yönəlmə

Məqsədli şəkildə başqasına kömək etmək yollarını, o başqasının kim ola biləcəyini fəal şəkildə axtarmaq bacarığı. Daha çox xidmət sektorunda üstünlük verilən və bütün komandaya uğur gətirə biləcək bu keyfiyyət kollektiv daxilində də işə yarayır.

9. Danışıq aparma qabiliyyəti

Fikir müxtəlifliyini aradan qaldırmaq, güzəştlər təklif etmək, tərəfləri ortaq nöqtəyə gətirmək bacarığı. Bu xüsusiyyətlər əsasən kompyuter, riyaziyyat, dizayn və bəzi sənət sahələrində tələb olunacaq.

10. Düşüncə çevikliyi

Mütəxəssis eyni anda bir neçə fikir yürütməyi, naməlum yolları sınayıb daha optimalını seçməyi, iş prosesinə yeni məlumat və son texnologiyaları daxil etməyi bacarmalıdır. Ünsiyyət zamanı deyilənləri hərtərəfli anlamaq, həmsöhbətin şəxsiyyətindən asılı olaraq davranışı nizamlamaq bacarığı işəgötürənlər üçün vacib faktor olacaq.

2015-ci ildə şirkət rəhbərləri də ilk növbədə problemlərin hərtərəfli həllini vacib hesab edirdilər. İnsanlarla ünsiyyət bacarığı ikinci, insanları idarə etmək bacarığı – üçüncüsü yerdə idi. Sonrakı ardıcıllıqda isə tənqidi düşüncə, danışıq bacarığı, müştəriyə yönəlmə, təhlil və qərar qəbul etmək, yaradıcılıq gəlirdi. İndi üstünlük verilən emosional zəka və düşüncə çevikliyi bəndlərinin yerində isə 5- il əvvəl keyfiyyətə nəzarət və dinləmə qabiliyyəti dayanırdı.

 

10 dəfə oxunub