Azərbaycan Litva əlaqələri tarixdə və bu gün

Azərbaycan Litva əlaqələri tarixdə və bu gün

Xəzər və Baltik sahili dövlətlərdən olan Azərbaycan və Litva strateji mövqeyi, tarixi zənginliyi, iqtisadi, diplomatik və sosial əlaqələri baxımından diqqət cəlb edən ölkələrdəndir. Azərbaycan və Litva əlaqələrinin rəsmi və diplomatik tarixi keçən əsrdən başlamışdır. Litvanın  Azərbaycan Demokratik Respublikasında nümayəndəliyi fəaliyyət göstərmişdir, Bakıda yerləşən nümayəndəliyə konsul Vintsas Kreve-Mitskəviçyus rəhbərlik etmişdir. Azərbaycan Parlamenti 1920-ci ilin aprel ayının 22-sində bir sıra Avropa ölkələrində, Amerikada, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ və Polşada fəaliyyət göstərəcək diplomatik missiyaların təsis edilməsi haqqında qərar qəbul etmişdir.  Azərbaycanın Polşada təsis ediləcək diplomatik nümayəndəliyi bir sıra orta Avropa ölkələrində, o cümlədən Litvada da akkreditə olunması planlaşdırılsa da,  28 apreldə  Azərbaycanın Sovet ittifaqı tərəfindən işğalı milli hökumətin diplomatik nümayəndəliklər açmaq barədə qərarının icrasını alt-üst etdi. Nəticədə hər iki ölkə İttifaqda birləşdirildi. Keçmiş ittifaq daxilində də yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olub. Bunun nəticəsidir ki, iqtisadiyyatları bir-birinə yaxın olan Azərbaycanla Litva hər bir sahədə normal əlaqələrə malikdir və istər siyasi, istərsə də iqtisadi məsələlərdə daha tez anlaşmaya nail olur, bir-birini dəstəkləyirlər.

Müstəqillik əldə edildikdən sonra dövlətlərarası əlaqə müstəqillik prizmasından yenidən qurulmağa, dərinləşməyə başladı. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmışdır. Hər iki ölkənin bir-birində 2007-ci ildən səfirlikləri fəaliyyətə başlamışdır. Dövlət və hökumət başçıları səviyyəsində rəsmi və işgüzar səfərlər hər iki dövlətin əlaqələrinin dərinləşməsi baxımından faydalı olmuş, bir sıra sənədlər imzalanmışdır.  Azərbaycan Prezidentinin Litvaya hələ 2007-ci ildə baş tutmuş səfəri Azərbaycan-Litva münasibətlərinin yüksələn xətlə inkişafına geniş perspektivlər açmışdır. Həmin vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdir: "Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir."

Litva Prezidenti Valdas Adamkus Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsə ilk rəsmi səfərini yüksək qiymətləndirərək demişdir ki, ölkələrimiz arasında münasibətlər qısa müddətdə intensiv inkişaf etməyə başlamışdır. Ölkələrimiz arasında hansısa fikir ayrılığı yoxdur. Vətən müharibəsindən əvvəl baş tutmuş Litva rəsmiləri ilə görüşlərdə  daima vurğulanan məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi işğal altındakı ərazilərdə ticarət-iqtisadi fəaliyyətin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalı olmasıdır.

Litva Azərbaycanın Avropa tərəfdaşları sırasındadır. Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində Aİ-nin Litvaya təqdim etdiyi tvinninq layihələrində də Azərbaycan Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin seçimində iştirak edib, onlardan 17-də ölkəmizin iştirakı təmin olunmuşdur. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır.

Mədəni, sosial, iqtisadi əlaqələrin qurulması, müxtəlif kommunikasiya kanallarının mövcudluğu beynəlxalq münasibətlərin ən mühüm amillərindəndir. Bu baxımdan bu günün Azərbaycanının apardığı balanslaşdırılmış daxili və xarici siyasət təqdirəlayiqdir. 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına 21 may 2023-cü il tarixində baş tutmuş rəsmi səfəri dövlətlərarası münasibətlərin  daha intensivləşməsinə əsas verir. Səfər çərçivəsində imzalanan sazişlər də iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ təşkil edəcəkdir. Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda, ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşmüşdür. Ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalanmış, ikitərəfli müzakirələr aparılmışdır, biznes forum təşkil edilmişdir. Bunlar isə əlaqələrin daha da dərinləşməsinə, zənginləşməsinə öz növbəsində rəvac verir. 

Bu gün Azərbaycan regionda öz məxsusi və güclü mövqeyi ilə seçilir. Bu xarizmanın formalaşmasına günbəgün inkişaf edən iqtisadi və sosial sferadakı müsbət dəyişikliklərlə yanaşı, Vətən müharibəsində qazanılan qələbənin də qüvvətli təsiri vardır.

Ölkə başçısı prezident İlham Əliyev Vilnüsdə mətbuata verdiyi bəyanatında vurğulamışdır ki, Litva ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına önəmli töhfələr verir. Prezident Q.Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Daha bir vacib məqam da budur ki, Azərbaycan və Litva Prezidentlərinin keçirdikləri görüşdə bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparılıb. Müəyyən olunub ki, ölkələrimiz bu istiqamətdə də demək olar, paralel şəkildə hərəkət edirlər. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və yaxın gələcəkdə bu sahədə də dinamik ikitərəfli əməkdaşlıq mümkün olacaqdır.

Hər bir yeni rəsmi görüş inkişafın yeni bir mərhələsini təşkil edir. Ölkə başçısının səyi nəticəsində Azərbaycan dünya miqyasında söz sahibi olan dövlətlərdən biridir.  Prezident İlham Əliyevin yorulmaz və davamlı siyasəti nəticəsində işğaldan azad olunmuş ərazilərimiz də 30 illik vandalizmdən sonra qısa müddətdə bərpa olunacaq, Azərbaycan daima çiçəklənəcəkdir.

Mətanət Eldar qızı Mustafayeva

Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi

 

125 dəfə oxunub