28 May -Milli qürur günü
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika Azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
28 May –şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
Yüz beş il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.
1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıdı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuludu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir.
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkə müstəqiliyini yenidən bərpa etməyə başladı.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.
Bu gün Azərbaycan Respublikası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırdır. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə minnətdar olan Azərbaycan xalqı şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə, hərbçilərimizə, Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırlar. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.
28 Mayın qeyd edilməsi xüsusilə əlamətdardır. Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər hər bir Azərbaycanlıya ikiqat sevinc yaşadır.
Artıq Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd edilir. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə,“Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü kimi qeyd olunur.
28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Bayramova Lamiyə İlyas qızı
Azərbaycan Texnologiya Universiteti İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi