Azərbaycan - Litva strateji tərəfdaşlığı
Azərbaycan müstəqillik əldə etdikdən sonra Baltikyanı respublikalarla da əməkdaşlığa xüsusi önəm verib. Ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin dövlətlərlə ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın qurulmasında yardımçı rol oynayıb. Həmçinin Baltikyanı dövlətlərlə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə təkan verib.
Litva Respublikası ölkəmizin müstəqilliyini ilk tanıyan (20 dekabr 1991-ci il) dövlətlərdən olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1995-ci ilin noyabr ayının 27-də Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmuşdur. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. 2006-cı ildə Azərbaycan və Litva Respublikalarının Prezidentləri ölkələrimizin tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edən Bəyannamə, Saziş və onlarla müqavilələr imzalamışdır. 3 aprel 2007-ci ildə Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Hazırda da hər iki dövlət aralarında olan əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olunması faktının tanınmasına və Qarabağ münaqişəsinin həllində özünə tərəfdaş qazanmaq üçün bu əlaqələrə önəm verib. Litva Respublikası Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis 8 may 2023-cü il tarixli mətbuat konfransında deyib ki, Cənubi Qafqazdakı vəziyyəti çox diqqətlə, böyük narahatlıqla və eyni zamanda sülh tənzimlənməsini böyük ümidlə izləyirik və əminik ki, davamlı sülh həm Azərbaycan, həm də Ermənistanın maraqlarına xidmət edir.
Bakı və Vilnüs eyni zamanda müxtəlif beynəlxalq parlament strukturlarında fəal əməkdaşlıq edir. Litva Respublikası Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün əhəmiyyətə malikdir. Litva Bakı-Brüssel münasibətlərində obyektiv mövqeyi və yanaşması ilə seçilir və bu, ölkəmizin mənafelərinin qorunması üçün çox vacibdir. Prezident İlham Əliyevin Litva Respublikasına səfəri bu sahədə Azərbaycanın Avropa İttifaqı müstəvisində də mövqelərini möhkəmləndirəcək və Bakının təşəbbüskarı olduğu layihələrə siyasi dəstəyi gücləndirəcək.
Litva Respublikası Azərbaycanla həmçinin iqtisadi, humanitar və digər sahələrdə də əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında iqtisadi sahədə əlaqələr inkişaf etməkdədir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur. Bütün bunlar bir daha deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcək.
22 may 2023-cü il tarixində Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumu isə iqtisadi əlaqələr üçün yeni imkanlar yaradır.
Azərbaycanın irəli sürdüyü Şərqlə Qərb arasında nəqliyyat dəhlizi layihələri, Avropanın enerji təhlükəsizliyi ilə bağlı təşəbbüsləri, yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı Bakının gördüyü işlər və bu sahədə əməkdaşlıq Litva üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan strateji maraq doğurur.
Prezident İlham Əliyev Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı bildirmişdi ki, “İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır. Azərbaycanın xarici borcu çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən azdır. Milli valyutamız sabitdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir”. Nəticədə Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması, Azərbaycanda olan sabitlik, qonşu bazarlara çıxışın olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır.
Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxış edərkən həmçinin qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq.
Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir.
Azərbaycan Texnologiya Universiteti İctimai elmlər və multikulturalizm kafedrasının Dos.əvəzi
Mehriban İmran qızı Tağıyeva