Elmi Şuranın iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şuranın 3 saylı iclası keçirilib. Bu dəfəki iclasda yeni ənənənin təməli qoyulub. Belə ki, Elmi Şura ilk dəfə olaraq tələbələrin iştirakı ilə reallaşıb. Elmi Şuranın sədri, professor Akif Süleymanov iclası açıq edən zaman bildirib ki, universitet daxili qərarların verilməsi prossesini tələbələrin izləməsi müsbət haldır: “Onlar öz təklif və müraciətlərini müzakirəyə çıxaracaq. Belə imkanlar tələbə üçün həm də bir növ təcrübə xarakteri daşıyır”.

Sonra sədr Elmu Şura üzvlərini və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə Tədris şöbəsinin müdiri Piri Axundov çıxış edib. Bildirib ki, imtahanlara 3 yanvar 2020-ci ildə start veriləcək və prosses 2 fevraladək davam edəcək. 229 qrup üzrə 1306 imtahan təşkil ediləcək. Magistratura səviyyəsi üçün isə 43 qrup üçün 252 imtahan keçiriləcək. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin hesabatı dekan Nazim Vəliyevin təqdimatında dinlənilib. Qeyd edilib ki, 3 kafedranı özündə birləşdirən Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində təhsil alan tələbələrin sayı ötən il 352 idisə bu il rəqəm 519 çatıb. Dekan kafedralarda aparılan elmi-tədqiqat işləri, professor-müəllim heyətinin dərc olunan məqalələri, açıq dərslər, elmi seminarlar, tələbə seminarları, fakültənin yeni müəssisə əlaqələri barədə də geniş məlumat verib.

Elmi-Texniki Şuranın əsasnaməsi təsdiq olunduqdan sonra iclas gündəlikdə duran müxtəlif məsələlərin müzakirəsilə davam edib. Elm və xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah Universitetin beynəlmiləşmə perspektivlərini gündəmə gətirib. Xarici universitetlərlə əlaqə, beynəlxalq proqramlarda iştirak, dual diplom müqavilələri, əcnəbi tələbələr, mübadilə proqramından yararlanma və s. barədə dəqiq məlumatlar slaydlar vasitəsilə əks olunub, bundan sonrakı fəaliyyət, hədəflər və görüləcək işlər səsləndirilib.           

Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Litva səfəri barədə məmumatlar verib. Bildirib ki, Erasmus+ EQAC (Azərbaycanda ali təhsil müəssisələrində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması və inkişaf etdirilməsi) layihəsi bu dəfə layihə iştirakçılarını Vilnüsə toplayıb. Təlimlərdə Avropalı təhsil ekspertləri ilə birlikdə Keyfiyyətin təminatı üçün istifadə olunan QPR Graphics Design və QPR Metrics proqram təminatları barədə müzakirələr aparılıb. Hər universitet nümayəndələri təmsil etdikləri ali təhsil müəssisəsinin timsalında sözügedən proqram təminatının köməyi ilə iyerarxik strukturunu quraraq vəzifə təlimatlarını daxil ediblər. Layihənin digər iştirakçıları arasında UTECA-nın daim seçildiyini və diqqət mərkəzində olduğunu qeyd edən Asiman İlyasov bu uğuru rektor Akif Süleymanovun layihədə aktiv iştirakı, layihənin tətbiqi üçün universitetdə yaratdığı şəraitlə, eləcə də layihə çərçivəsində indiyədək görülən işlərlə əlaqələndirib.

Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev doktorant Lamiyə Xəlilovanın mövzusunun dəyişdirilməsi ilə bağlı çıxış edib. Əsaslandırılmış müraciət müzakirələrdən sonra qəbul edilib. Sonda Ulduz Babayevanın təqdim etdiyi tədris metodiki vəsaitlərin siyahısı təsdiqlənib. 

55 dəfə oxunub