Azərbaycan Texnologiya Universitetində Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir
6-7 noyabr 2023-cü il tarixində Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda hibrid formatda müəllim və gənc tədqiqatçıların Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.
Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:
- Qida sənayesi
- Süni intellekt, elektronika və informasiya texnologiyaları
- Tekstil və yüngül sənaye
- Dizayn
- Maşınqayırma, nəqliyyat və logistika
- Metal və materiallarda innovativ texnologiyalar
- Rəqəmsal iqtisadiyyat
- İdarəetmənin müasir trendləri
- Turizm sənayesi
- Multikultural təhsil
- Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf
- Dəqiq və təbiət elmlərinin müasir trendləri
Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:
- Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;
- Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;
- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə).
Tezisdə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:
- Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;
- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;
- Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;
- İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir.
Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.
Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış tezislərə ingilis və rus dillərində, rus dilində yazılmış tezislərə Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılmış tezislərə isə Azərbaycan və rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.
Konfransın redaksiya heyətinə təqdim olunan tezisin orjinallığı 85 %-dən az olmamalıdır.
Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat Komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir.
Məruzə üçün qəbul edilən tezis haqqında məlumat müəlliflərə konfransa 3 gün qalmışa qədər (son tarix 3 noyabr) göndərilir.
Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir. Dinlənilmiş məruzələrdən nəşr üçün yararlısı sədr və həmsədrlər tərəfindən müəyyən edilib protokollaşdırılır. Protokol Təşkilat Komitəsinə təqdim olunur.
Konfrans materialları 20 gün ərzində (noyabrın 27-ə qədər) PDF formatında universitetin rəsmi saytında yerləşdirilir.
Konfransda iştirak ATU-nun əməkdaşları və gənc tədqiqatçıları (magistrantları, doktorantları və dissertantları) üçün ödənişsizdir. Digər iştirakçıların məruzə tezisinin hər səhifəsi üçün 5 manat nəzərdə tutulur. Tezislər ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır.
Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ MMC
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
Konfrans materialları 20 oktyabr 2023-cü ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
E-mail: [email protected]